Vergilər

Müştərilərin ödəniş kartları vasitəsilə elektron ticarət qaydasında işlərin və xidmətlərin ödənilməsi zamanı ABB tərəfindən vergilərin tutulmasına dair izahedici Məlumat.

Mərc oyunları, lotereya, eləcə də digər yarış və müsabiqələrdə iştirak haqqının elektron ticarət vasitəsilə ödənildikdə nə qədər vergi tutulur?

Bu cür xidmətlər qeyri-rezident virtual satıcının elektron qaydada göstərdiyi iş və xidmət hesab edilir. Azərbaycan Beynəlxalq Bankı müştəridən 18% ƏDV-ni müştərinin hesabından tutulmaqla büdcəyə ödəyir.

Lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən əldə edilən uduşlar üzrə mənbədən vergi necə hesablanır?

Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən xarici virtual satıcılar tərəfindən ödənilən uduş məbləğindən Azərbaycan Beynəlxalq Bankı tərəfindən 10% mənbədən vergi tutulur.

Müştərinin ABB-dəki hesabından lotereya, yarış və s. iştirakla bağlı ödənilmiş məbləğ həmin hesaba mədaxil olmuş uduş məbləğindən çıxılır. Qalan məbləğdən 10 % vergi tutulur.

İştirak haqqı digər bankda olan hesabdan ödənildiyi halda, uduşun tam məbləğindən 10% vergi tutulur.

Müştəri iştirak haqqının digər bankdan ödənilməsini təsdiqləyən sənədi ABB-yə təqdim etdiyi halda, tutulmuş vergi ABB tərəfindən yenidən hesablanır.

Ödəniş kartları vasitəsilə aparılan “Chargeback”, “Refund”, “Cancel” və ya digər növ əməliyyatlar nəticəsində kart hesabına vəsait geri qayıtdığı halda vergi necə hesablanır?

Elektron ticarət qaydasında alınan iş və xidmət üzrə əməliyyat ləğv edildikdə aparılmış əməliyyatlar üzrə dövlət büdcəsinə hesablanmış vergi məbləğləri müştərinin ərizəsinə əsasən, məbləğ dəqiqləşdirilməklə ABB tərəfindən yenidən hesablanır.

Vergi tutulmaları baxımından “xidmət” və “iş” anlayışları arasında fərq varmı?

Vergi qanunvericiliyinə əsasən, vergitutma məqsədləri üçün xidmət və iş anlayışları eyni mənada tətbiq edilir.

Xaricdə müalicə və ya təhsil haqqı ödənişləri ƏDV-yə cəlb edilirmi?

Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən xəstəxanalar tərəfindən Azərbaycan Respublikasının rezidentlərinə göstərilən xidmətlərə görə (onlayn konsultasiyalar istisna olmaqla) rezident tərəfindən onlara fiziki POS-terminal vasitəsilə ödəniş aparılarkən ƏDV tutulmur.

Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil və tibb xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər, tibbi konsultasiya xidmətləri və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən, ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil və tibb xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən ABB müştəridən 18% ƏDV tutaraq dövlət büdcəsinə ödəyir.

 

Əgər əvvəlcədən elektron qaydada ödənilirsə, qatar, gəmi, avtobus və digər nəqliyyat vasitələrinə biletlərin alışı, mehmanxanaların rezervasiyası və digər xidmətlər ƏDV-yə cəlb edilirmi?

Vergi orqanlarında uçotda olmayan şəxslərə internet vasitəsilə qatar, gəmi və s. biletlərin sifarişi, habelə bununla bağlı mehmanxana rezervasiyası, transfer xidmətləri və s. üzrə qeyri-rezidentlər tərəfindən göstərilən xidmətlər AR hüdudlarından kənarda həyata keçirildiyi üçün, bu cür xidmətlərin göstərilməsinə görə ödəniş aparılarkən müştəridən ƏDV tutulmur.

Elektron ticarət qaydasında alınan mallara görə ödənişlərin aparılması zamanı ƏDV tutulurmu?

Elektron ticarət qaydasında alınan mallara görə ödənilən məbləğdən ABB tərəfindən ƏDV-nin hesablanması və müştərinin hesabından tutulması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

 

Elektron pul kisəsi nədir və ona pul köçürüldükdə vergi tutulurmu?

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatıdır.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, Azərbaycan Beynəlxalq Bankı köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi korporativ/biznes kart məhsullarına da şamil edilirmi?

Korporativ/biznes kartlar, əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinin əsas və təsərrüfat fəaliyyəti ilə əlaqədar hesablaşmaların aparılmasından ötrü istifadə edildiyindən, nağd vəsaitin çıxarılması zamanı 1% sadələşdirilmiş vergi ABB tərəfindən tutulacaq.

Müştəridən səhvən tutulmuş ƏDV individual şəkildə qaytarıla bilərmi?

Müştərinin hesabından tutulmuş ƏDV Vergi Məcəlləsinin müddəalarına zidd olduğu, misal üçün ödəniş xidmətlərin deyil, malların alınması ilə bağlı olduğu halda, müştəri ABB-yə müvafiq təsdiqedici sənədlər təqdim etməlidir. Bu halda müştəridən səhvən tutulmuş ƏDV məbləği bank tərəfindən geri qaytarılır.