Seyflərin icarəsi

Qiymətli əşyalarınızı, sənədlərinizi və s. etibarlı şəkildə saxlamaq üçün Azərbaycan Beynəlxalq Bankı Sizə depozit seyflərindən istifadə etməyi təklif edir.

Depozit seyfi nədir?

Bankın filialında yerləşən və müştəri tərəfindən hər hansı əşyanın, sənədin, pul məbləğinin və s. saxlanılması üçün icarəyə götürülən fərdi bank seyfidir.

Depozit seyflərində saxlanılan əşyaların məxfiliyi necə təmin edilir?

Depozit seyfindən istifadə edilməsi üçün, depozit seyflərinin yerləşdiyi otağın yaxınlığında ayrıca baxış otağı təşkil olunur. Bu otağın girişində (çöl tərəfdən) videonəzarət kamerası quraşdırılır. Otaqda müştərilərə depozit seyfindən istifadə edilməsi üçün müvafiq şərait yaradılır. Otaqlar depozit seyfləri üzrə məsul şəxslə əlaqə saxlamaq üçün telefonla ilə təchiz olunur.

Depozit seyflərinin təhlükəsizliyi necə təmin olunur?

Depozit seyfləri Bankın xüsusi təhlükəsizlik sistemləri ilə təchiz edilmiş otaqlarda yerləşir. Depozit seyfləri iki qıfıl və iki açar ilə təmin olunur. Hər iki qıfıl və hər iki açar biri-birindən fərqlənir. Açarın biri ilə yalnız qıfılın biri açıla bilər, açarın ikincisi ilə, yalnız ikinci qıfıl açıla bilər. Seyf yalnız hər iki açarın bir yerdə istifadəsi nəticəsində açıla və bağlana bilər. Açarın biri müştəridə, digəri isə filialın xəzinəsində saxlanılır.

Depozit seyflərinin icarəyə verilməsi necə rəsmiləşdirilir?

Depozit seyflərinin icarəyə verilməsi depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin bağlanılması ilə həyata keçirilir

Depozit seyfinin icarəyə götürülməsi üçün hansı sənədlər tələb olunur?

  • Ərizə;
  • Fiziki şəxsin şəxsiyyətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edən sənədin surəti.

Depozit seyflərinin icarə haqqı nə qədərdir və nə zaman ödənilməlidir?

Depozit seyflərinin icarə haqqı tam şəkildə əvvəlcədən ödənilirvə seyfin ölçüsündən asılı olaraq dəyişir:

Seyfin olçüsü 1 aylıq icarənin qiyməti
kiçik seyf (1500 kv.sm-dək) 20 AZN (ƏDV-siz)
böyük seyf (1500 kv.sm-dən artıq ) 40 AZN (ƏDV-siz)

Depozit seyfindən istifadə etmək hüququ digər şəxslərə verilə bilərmi?

Müştəri digər şəxslərə depozit seyfindən istifadə etmək hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında verə bilər. Bu halda həmin şəxslərə dair məlumat ərizədə göstərilməlidir.

Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin müddəti nə qədərdir?

Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin minimal icarə müddəti 1 (bir) gün, maksimal icarə müddəti 1 (bir) ildir. İcarə müddəti bitdikdən sonra müştəri müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilə avtomatik olaraq əvvəlki müddətə uzadılır.

Müştəri depozit seyfinin açarını itirdikdə nə etməli?

Müştəri depozit seyfinin açarını itirdikdə o, filiala müvafiq ərizə ilə müraciət edir. Müştərinin müraciəti əsasında Bankda xüsusi Komissiya yaradılır və seyfin açılması həmin Komissiyanın və bilavasitə müştərinin iştirakı ilə təmin edilir. Yeni qıfılın quraşdırılması, yeni açarların hazırlanması və bununla bağlı digər xərclər müştəridən tutulur.

Fiziki şəxs olan müştəri vəfat etdikdə onun icarəyə götürdüyü depozit seyfində istifadə hüququ kimə keçir?

Fiziki şəxs olan müştəri vəfat etdikdə onun hüquqları qanunvericiliyə uyğun olaraq vərəsəlik qaydasında rəsmiləşdirilir. Bu halda müqavilənin müddəti uzadılmışsa və müştəri icarə haqqını ödəməmişdirsə, icarə haqqı müştərinin vərəsəsi tərəfindən Banka ödənilməlidir.

Depozit seyflərini Azərbaycan Beynəlxalq Bankının Mərkəzi, Yasamal, Nəqliyyat, Sənaye, Nəsimi, Sumqayıt, Səbail, Gəncə, Xətai filiallarında və Müştəri Xidməti Departamentində icarəyə almaq olar.