Azərbaycan Beynəlxalq Bankı “Soyuq əllər, isti ürək” Xeyriyyə Yarmarkasının sponsorudur

Azərbaycan Beynəlxalq Bankı “Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə dekabrın 1-dən yanvarın 15-dək keçiriləcək “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak edir.

Fəvvarələr meydanında keçiriləcək yarmarkada müxtəlif Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılacaq, konsert proqramları təşkil olunacaq, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdiriləcək.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. Məqsəd sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək verməkdir.

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinləri burada məşhur qonaqlarla görüşəcək, sevimli ifaçıların çıxışlarını izləyəcək, onlara yarmarkanın sponsorları tərəfindən hədiyyələr veriləcək.

Yarmarka müddətində ziyarətçilərə Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri, keçirilən kampaniyalar haqqında ətraflı məlumat veriləcək, onların sualları cavablandırılacaq.